“Nağdsız ödənişdən imtina edən vergi ödəyicisi təqvim ili ərzində belə hallara bir neçə dəfə yol verərsə, 3000 və 6000 manat məbləğində maliyyə sanksiyası ödəməli olacaq”
Xəbər verildiyi kimi, nağdsız ödənişdən yayınanlara ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Vergilər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə 2020-ci ildən həmin maliyyə sanksiyaları POS-terminalların quraşdırılmaması hallarına da şamil olunacaq.
Nağdsız ödənişdən yayınan sahibkarlara sanksiyanın tətbiq olunmasını ekspertlər də müsbət qarşılayır. Onların fikrincə, bu qərar vergidən yayınmanın qarşısını alacaq. İqtisadçı–ekspert Anar Bayramov bildirdi ki, vergi ödəyicilərinin POS-terminallardan istifadə qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur. Belə ki, Vergi Məcəllləinin 58.7-ci maddəsinə əlavə ediləcək dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi gözlənilir: “Misal üçün, POS-terminal quraşdırılmış obyekt olan marketdə alıcı ödənişi POS-terminalla ödəmək istədiyi halda, vergi ödəyicisi bu imkanı yaratmadığı halda ona maliyyə sanksiyası tətbiq olunacaq. Vergi ödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, bu hal iki və daha çox dəfə təkrarlandıqda isə müvafiq olaraq 3000 və 6000 manat məbləğində maliyyə sanksiyası ödəməli olacaq. Təbii ki, bu cür pozuntular operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunacaq. Eyni cür maliyyə sanksiyası POS-terminalların quraşdırılması məcburi olan obyektlərdən hesab olunan, amma Pos-terminalın quraşdırılmasını həyata keçirməyənlərə də aid ediləcək".
Günel CƏLİLOVA