“Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.
Azərbaycan yol infrastrukturunun sorağı artıq xarici ölkələrin də diqqətini cəlb edir. Ölkəmizdə çəkilən yollar xarici ölkələrin marağına səbəb olduğu üçün, artıq qonşu ölkələr yol çəkilişi ilə bağlı Azərbaycanla əməkdaşlıq edirlər. Azərbaycan şirkətlərinin çəkdiyi yolların keyfiyyəti xarici ölkələrdə böyük rəğbətlə qarşılanır. Elə bu səbəbdən də Ukrayna Prezidenti Azərbaycan şirkətlərini həmin ölkəyə yol çəkməyə dəvət edir.
“…reytinq cədvəlində ön sırada qərarlaşması xarici dövlətlərin diqqətini cəlb edir”
Məsələ ilə bağlı fikir bildirən Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın yol infrastrukturu böyüyür və yolların abadlaşdırılması ilə bağlı kifayət qədər irimiqyaslı layihələr həyata keçirilir. Bu da beynəlxalq ictimaiyyətin diqqətində olan məsələdir: “Bəllidir ki, bir sıra beynəlxalq təşkilatlar müxtəlif istiqamətlər üzrə qiymətləndirmə aparırlar. Sevindirici haldır ki, yol infrastrukturuna görə Azərbaycan həmin nüfuzlu təşkilatların reytinq cədvəlində kifayət qədər yüksək yerdə qərarlaşıb. Azərbaycanın yol infrastrukturu və digər istiqamətlər üzrə ön sırada qərarlaşması xarici dövlətlərin diqqətini cəlb edir. O ölkələrdən biri də Ukraynadır”.
Həmsöhbətimizin sözlərinə görə, yaxın zamanlarda Ukraynada yol infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi prosesinə Azərbaycan şirkətlərinin cəlb olunmasının şahidi olacağıq. Məlumdur ki, Azərbaycan şirkətləri əksər xarici ölkədə bir sıra layihələr həyata keçirirlər. Eyni zamanda, qonşu Gürcüstanda da yol çəkilişi ilə bağlı bir sıra layihələr məhz Azərbaycana məxsusdur: “Hesab edirəm ki, Azərbaycanın yol infrastrukturu ilə bağlı nailiyyətləri diqqətdən kənarda qalmır. Xarici ölkələr Azərbaycanın bu təcrübəsindən maksimum yararlanmaq niyyətindədirlər. Təbii ki, bu sevindirici haldır”.
Günel CƏLİLOVA