Akif Nəsirli: “Bu pul müəyyən şəbəkə üzərindən hərəkət edir və onlar sistemin dəyişməməsindən birbaşa fayda götürür”
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu və uyğunsuzluqlar aşkar edib. Bu barədə məlumat Palatanın "Dövlət auditi" rəsmi bülletenində yer alıb. Yoxlamalar 2022-2025-ci illəri əhatə edib.
Hesabatda peyk görüntülərinə istinadən bildirilir ki, 49 əkin bəyanına aid 117 min 454 hektar torpaq sahəsində becərmə (bir sıra hallarda hətta şum) işlərinin müvafiq həddlərdə aparılması təsdiqini tapmadığı halda 19 fermerə ümumilikdə 24.2 milyon manat əkin subsidiyası verilib. Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında da kəskin fərqlər qeydə alınıb. Vurğulandığına görə, 2023-2024-cü illərdə biçilməyən 44 min 502 hektar sahə üzrə 10 milyon 235.4 min manat əkin subsidiyası ödənilib.
Ölkəmizdə taxılçılıq yerində sayır. Artıq neçənci dəfədir ki, belə pozuntular aşkarlanır, amma bu sahədə vəziyyət dəyişmir. Niyə?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında bildirdi ki, bütün bu pozuntular əslində çox ciddi bir struktur problemini açıb göstərir: “Hər dəfə audit aşkarlayır, hesabat yazılır, rəqəmlər açıqlanır, amma mexanizm eyni qalır. Bunun bir neçə əsas səbəbi var. Birincisi, subsidiya sisteminin özü nəzarətsiz qurulub. Əkin bəyannaməsi verilir, pul ödənilir, amma faktiki yoxlama ya çox gec gəlir, ya da səthi olur. Peyk görüntüləri ilə müqayisə yalnız auditin işi kimi görünür. Bu, əvvəlcədən, ödəmədən qabaq edilməlidir. İkincisi, cavabdehlik mexanizmi işləmir. Pozuntu aşkarlanır, amma kim məsuliyyət daşıdı? Hansı fermerin subsidiyası geri alındı? Hansı məmur cəzalandırıldı? Bu sualların cavabı ictimaiyyətə çatmırsa, audit nəticəsi sadəcə kağız üzərindəki rəqəmə çevrilir. Üçüncüsü, maraq qrupu çox güclüdür. 19 fermerə 24 milyon manat, bu, kiçik miqyas deyil. Bu gün sadə vətəndaş heç 24 min manatı da heç kimdən xəbərsiz mənimsəyə bilməz. Subsidiyanı verən o qədər kütbeyindir ki, 24 milyonu onun əli ilə sadə vətəndaş mənimsəsin? Bu pul müəyyən şəbəkə üzərindən hərəkət edir. Həmin şəbəkə sistemin dəyişməməsindən birbaşa fayda götürür. Dördüncüsü, taxılçılıq siyasəti-iqtisadi deyil, siyasi məntiqlə idarə olunur. Subsidiya bəzən real istehsalı stimullaşdırmaq üçün yox, müəyyən sosial və regional balansı saxlamaq üçün verilir. Bu zaman nəticəyə görə hesabat vermək ikinci plana keçir. Nəticə budur ki, audit sistemi problemin özü deyil, əksinə, sistemin işlədiyini göstərən bir pəncərədir. Amma həmin pəncərədən baxan kimsə lazımi addımı atmırsa, hər audit dövrü yeni rəqəmlərlə eyni hekayəni təkrarlayır”.
Vidadi ORDAHALLI