Akif Nəsirli: “Yem bazası zəiflədikcə, ət istehsalı avtomatik olaraq bahalaşır və rəqabət qabiliyyətini itirir”
Azərbaycana bir sıra ölkələrdən ət idxal olunur. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən ilin ilk 11 ayı ərzində Ukraynadan Azərbaycana 5 min 786 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edilib.
Artıq dörd ilə yaxındır ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibə bu ölkənin iqtisadiyyatına, kənd təsərrüfatına və ümumilikdə gündəlik həyatına ciddi zərbə vurub. Döyüşlərin getdiyi, ərazilərin dağıldığı, logistikanın çətinləşdiyi bir şəraitdə belə Ukrayna ət və kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını davam etdirir. Müharibə şəraitində olan bir ölkənin bazarlara ət çıxara bilməsi diqqətçəkən və düşündürücü faktdır.
Digər tərəfdən, sülh və sabitliyin hökm sürdüyü, əlverişli iqlimə, geniş otlaq sahələrinə və heyvandarlıq üçün uyğun təbii resurslara malik Azərbaycan bu sahədə daxili tələbatı tam ödəyə bilmir və idxaldan asılı vəziyyətdə qalır. Bu isə həm qiymət artımına, həm də ərzaq təhlükəsizliyi ilə bağlı risklərin yaranmasına yol açır.
Maraqlı və eyni zamanda sual doğuran məqam ondan ibarətdir ki, müharibənin yaratdığı ağır şərtlər altında Ukrayna istehsal imkanlarını qoruyub saxlaya bildiyi halda, daha əlverişli şəraitə malik Azərbaycan bu potensialdan niyə istifadə edə bilmir.
Qeyd etdiyimiz kimi, ölkədə ət istehsalının zəif olması və idxaldan asılılıq cəmiyyəti ciddi şəkildə narahat edir və haqlı olaraq bu vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyinin açıqlanması gözlənilir.
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, bu vəziyyət bir neçə struktur və idarəetmə problemi ilə bağlıdır: “Azərbaycanda heyvandarlığın əsas bazası olan otlaq və biçənək sahələrinin bələdiyyələr, aqroparklar və pambıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən zəbt edilməsi fermerlərin heyvan saxlamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Yem bazası zəiflədikcə, ət istehsalı avtomatik olaraq bahalaşır və rəqabət qabiliyyətini itirir. Digər tərəfdən, heyvandarlığa dövlət dəstəyi kifayət qədər sistemli və stimullaşdırıcı deyil. Subsidiya və güzəştlər xərcləri real şəkildə kompensasiya etmir. Dizel yanacağının baha olması, yem, baytarlıq xidmətləri və logistika xərclərinin artması maya dəyərini daha da yüksəldir. Nəticədə yerli istehsalçı idxal olunan, daha ucuz ətlə rəqabət apara bilmir. Ukraynada isə müharibəyə baxmayaraq, böyük əkin sahələri, inkişaf etmiş aqrar infrastruktur, güclü ixrac yönümlü istehsal və dövlətin kənd təsərrüfatına davamlı dəstəyi ət istehsalının və ixracının davam etməsinə imkan verir. Azərbaycanda əsas problem iqlim və ya potensial yoxluğu deyil, torpaqdan istifadə, dəstək mexanizmləri və kənd təsərrüfatı siyasətinin effektiv qurulmamasıdır”.
Günel CƏLİLOVA