Müasir dövrdə dövlətlərin gücü təkcə hərbi və iqtisadi potensialla deyil, eyni zamanda enerji təhlükəsizliyi və kibertəhlükəsizlik imkanları ilə ölçülür. Rəqəmsallaşma və enerji resursları uğrunda qlobal rəqabətin gücləndiyi bir şəraitdə Azərbaycan strateji mövqeyi, zəngin enerji ehtiyatları və ardıcıl dövlət siyasəti sayəsində regionun enerji və kibertəhlükəsizlik mərkəzinə çevrilməkdədir. Bu proses ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan uzun illərdir ki, regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir. Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatları, eləcə də bu resursların dünya bazarlarına etibarlı marşrutlarla çatdırılması ölkəni qlobal enerji xəritəsində mühüm mövqeyə yüksəldib. Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirməsi fonunda Azərbaycanın rolu daha da artıb. Enerji sahəsində əldə edilən uğurlar rəqəmsal təhlükəsizlik məsələlərini də ön plana çıxarır. Müasir enerji infrastrukturu – boru kəmərləri, elektrik şəbəkələri, neft-qaz platformaları – yüksək səviyyədə avtomatlaşdırılmış və rəqəmsal idarəetmə sistemlərinə əsaslanır. Bu isə kiberhücum risklərini artırır. Azərbaycan bu çağırışları vaxtında dəyərləndirərək enerji obyektlərinin kibermüdafiəsinin gücləndirilməsini dövlət təhlükəsizliyi siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun elmi direktoru Karmen Elena Çirnu məsələ ilə bağlı bildirib: “Azərbaycan regionda enerji və rəqəmsal bağlantı baxımından strateji mövqeyini gücləndirir, ölkə tədricən regionun əsas enerji, kommunikasiya və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilir”. Onun sözlərinə görə, Azərbaycanın artan rolu kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır: “Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda regionun enerji və bağlantı mərkəzinə çevrilir. Sistemlər daha mürəkkəb və bir-biri ilə inteqrasiya olunmuş olduqca, onların qorunması da strateji əhəmiyyət kəsb edir”. Çirnu bildirib ki, enerji, nəqliyyat və rabitə kimi kritik infrastrukturların rəqəmsallaşması yeni imkanlarla yanaşı, əlavə risklər də yaradır: “Bu səbəbdən kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsidir. Bu istiqamətdə praktiki təlimlərin və simulyasiya mühitlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır”. O da faktdır ki, Azərbaycanın enerji və kibertəhlükəsizlik mərkəzinə çevrilməsi region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Enerji layihələrinin təhlükəsiz fəaliyyəti yalnız bir ölkənin deyil, bütövlükdə regionun iqtisadi sabitliyinə təsir göstərir. Bu baxımdan Azərbaycan tərəfdaş ölkələrlə enerji obyektlərinin fiziki və kiber təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir, təcrübə və məlumat mübadiləsini təşviq edir.
Ramil QULİYEV