Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta növləri üzrə komitəsinin növbəti iclası keçirilib. Trend-in ASA-ya istinadən verdiyi məlumata görə, iclasda Azərbaycanda yaradılmış Sığorta Təlimi Mərkəzinin (STM) 1 illik strateji planı müzakirə edilib, təklif və rəylər nəzərdən keçirilib, STM-in əsas fəaliyyət istiqamətləri müəyyən edilib.
Bundan başqa, iclas iştirakçıları zəmanəti olan avtomobillərin təmirinin sığorta şirkətlərinə yaratdığı problemi də müzakirə ediblər. Bildirilib ki, əsasən avtomobillərin icbari sığortasında şirkətlərdən maşına dəymiş istənilən ziyanın rəsmi avtoservisdə aradan qaldırılması tələb olunur. Bu isə sığortaçının xərcini artırır. Çünki adi servislərlə müqayisədə rəsmi servislərdə təmir xərcləri yüksəkdir. Halbuki bəzi problemləri adi servisdə də aradan qaldırmaq olar. Bu məsələnin avtoservislərlə və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası ilə müzakirə edilməsinə qərar verilib.