“Fitch Raitings” beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin press-relizində deyilir. Reytinq üzrə proqnoz “mənfi”dir. SOCAR-ın emitentin qısamüddətli defolt reytinqi “B” səviyyəsində, təmin olunmamış prioritet reytinqi isə “BV+” səviyyəsində təsdiqlənib.
“SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi Azərbaycanın reytinqinə (BB +/mənfi) bərabərdir. Bu, şirkətə maliyyə təminatları, vəsait qoyuluşları və səhmdar kapitalına inyeksiyalar şəklində dövlət dəstəyi, həmçinin, SOCAR-ın sosial funksiyaları və onun neft-qaz layihələrinin inkişafı üçün dövlət aləti kimi əhəmiyyəti ilə dəstəklənir”.
“Fitch” qeyd edir ki, 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri agentliyin proqnozlarına əsasən, gözləniləndən daha yaxşı olub. Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA üzrə gəlirləri 2019-cu illə müqayisədə orta səviyyədə azalıb və 2021-ci ildə neftin qiymətinin daha yüksək olması və cari ilin yanvar ayından yanacağın tənzimlənən qiymətinin bahalaşması fonunda bərpa olunmalıdır.
“Hesabatlarda neft hasilatının azalması və qiymətlərin qeyri-sabit olması da nəzərə alınır”
Beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqini mənfi təsdiqləməsi barədə fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, hesabatlarda SOCAR-ın fəaliyyəti və xarici borcunun geri qaytarılmasına əsaslanır: “Danılmaz faktdır ki, SOCAR-ın bu gün şirkət olaraq xarici borcları kifayət qədər yüksək səviyyədədir. Xarici borcun da geri qaytarılmasının müəyyən problemlərlə qarşılaşma ehtimalı var. Nəzərə almaq lazımdır ki, ölkədə hasilat azalır. SOCAR-a aid olan neft yataqlarında da azalma müşahidə edilir. Neft hasilatının azalması və qiymətlərin qeyri-sabit olması da nəzərə alınır. Onu da əlavə edim ki, SOCAR-ın idarəetməsi ilə də bağlı qeyri-müəyyənlik yaşanır. İdarəetmənin hansı formada həyata keçiriləcəyi hələ tam məlum deyil. Bu səbəbdən də son zamanlar beynəlxalq reytinq agentlikləri bütün bu amilləri nəzərə alaraq SOCAR-ın reytinqinə yenidən baxmalıdırlar”.
Günel CƏLİLOVA