Azərbaycanda bank sektorunun gəlirləri kəskin azalıb. Banklarda depozitlərin həcmi 5,2 faiz, kredit portfeli 6,8 faiz, aktivləri 2,9 faiz, xalis mənfəətləri 25,3 faiz azalıb.
Belə ki, fevral ayının sonuna bank sektoru 73,1 milyon manat xalis gəlir əldə edib. Bu rəqəmi ötən ilin eyni dövrü ilə müqayisə etdikdə isə bank sektorunun gəlirlərinin 25,3 faiz azaldığını müşahidə edirik. Bu dövr ərzində bank sektoru mənfəətdən 16,2 milyon manat (2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz az) vergi ödəyib. Bu dövrdə Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən, ümumilikdə, 324,9 milyon manat (2,7 faiz az) vəsait cəlb edib. Banklar kreditlər üzrə faizlərdən isə 259,3 milyon manat (1,9 faiz az) gəlir əldə edib. Bankların xalis faiz gəlirlərinin həcmi isə 227,2 milyon manat (1,3 faiz az) təşkil edib. Qeyri-faiz gəlirlərinin həcmi 4,6 faiz azalaraq 104,8 milyon manat olub.
Sektorun faiz və onlara bağlı xərclərinin həcmi 85,7 milyon manat (7,3 faiz az) təşkil edib. O cümlədən, depozitlər üzrə xərclər də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq 54,5 milyon manat olub. Ölkədəki banklar müvafiq dövrdə 137 milyon manat (6,2 faiz az) dəyərində əməliyyat mənfəəti əldə ediblər.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq, banklar kredit faizlərini aşağı salmırlar. Adətən, xaricdə belə vəziyyətlə üzləşən banklar kredit faizlərini aşağı salırlar. Daha nə baş verməlidir ki, Azərbaycanda banklar faizləri aşağı salsınlar?
“Bankların soyğunçu kredit siyasəti üzündən insanlar intihar edir, ailələr dağılır”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycanda kommersiya banklarının faiz siyasəti normal iqtisadi əsaslara söykənmir: “Bu siyasət 20 il əvvəl də belə idi, indi də belədir. Bankların kredit faizləri ilə bağlı siyasəti haçan sağlam əsaslara söykənib ki? Problem ondadır ki, banklar həm neft gəlirlərinin böyük həcmdə ölkəyə daxil olduğu dövrdə, həm də ondan sonrakı vaxtda yüksək faizlərə önəm veriblər. Məqsəd odur ki, istənilən şəraitdə daha tez və çox qazanmaq. Bax, problemin kökündə dayanan faktor bununla bağlıdır. Heç bir ölkədə Azərbaycandakı qədər kredit faizləri yüksək deyil. Bu səbəbdən bir çoxu evini, mülkünü, avtomobilini itirib. Bankların soyğunçu kredit siyasəti üzündən insanlar intihar edir, ailələr dağılır. Kredit götürənlər göstərilən rəqəmdən daha çox faiz ödəyirlər. Dollar kreditləri ilə əlaqədar dövlət humanist addım atıb devalvasiya zamanı yaranan fərqi öz hesabına ödəsə də, yenə də banklar kreditlərlə bağlı ədalətli faiz siyasəti yeritmirlər. Ona görə də hesab edirəm ki, başqa alternativlər tapılmalıdır. Xarici bankların sərfəli şərtlərlə kredit tranşı açmasına şərait yaradılmalıdır. Yalnız bu cür rəqabət yerli bankları kredit faizlərini aşağı salmağa məcbur edə bilər”.
Ekspert hesab edir ki, Mərkəzi Bankın bazarı ucuz kredit resursları ilə təmin etməsi də bu işə töhfə verə bilər.
Vidadi ORDAHALLI