Cəbhəyanı bölgələrdə kredit faizləri mərkəzdən 2-3 dəfə çoxdur - Mərkəzi Bank nə edəcək...

Əkrəm Həsənov: “Region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur”

img

Hazırkı şəraitdə Azərbaycanın cəbhəyanı bölgələrində sahibkarlara dəstək verilməsi olduqca zəruridir. Ancaq bunun əksinin şahidi oluruq.

Belə ki, cəbhəyanı bölgələrdə kredit faizi paytaxt Bakı ilə müqayisədə 2-3 dəfə artıqdır. Təbii ki, bu da həmin ərazilərdə kredit götürmək istəyən sahibkarların haqlı narazılığına səbəb olur.

  • “Ən yüksək kredit faizləri cəbhəyanı rayonlar olan Füzuli, Ağdam və Tərtər rayonları olmaqla, Yuxarı Qarabağ iqtisadi rayonundadır”

Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik, kreditin qaytarılmama risqi də regionlarda daha çoxdur: “Bəllidir ki, kredit qaytarılmayanda da bankın xərcləri də daha çox olur. Ümumiyyətlə, ən yüksək kredit faizləri cəbhəyanı rayonlar olan Füzuli, Ağdam və Tərtər rayonları olmaqla, Yuxarı Qarabağ iqtisadi rayonundadır: “Məntiqlə rayonlarda Bakı ilə müqayisədə faiz dərəcələri daha aşağı səviyyədə olmalı idi. Sahibkarlar, vətəndaşlar regionlarda banklardan kredit alanda dövlət kommersiya şərtlərilə faiz fərqini kompensasiya etmək mexanizmini də düşünə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, banklar, bir qayda olaraq, kreditə öz pullarını vermirlər. Onlar kredit verərkən əmanətçilərin pulunu verirlər. Yəni banklar əmanət qəbul edirlər və əmanətçiyə faiz ödəməlidirlər. Faizi ödəmək üçün də gərək həmin pulu kredit versin. Oradan da həm özü qazansın, həm əmanət üzrə faiz versin, həm də bankın xərclərini bağlamalıdır: “O da bəllidir ki, bank kredit verəndə kreditin rəsmiləşdirilməsi xərcdir. Təbii ki, bank paytaxtdan nə qədər uzaqdırsa, bankın xərcləri də artır. Çünki ora işçi göndərməlidir, işçi borc olanı yoxlamalı, kreditin qaytarılmasına nəzarət etməli, o cümlədən, vaxtaşırı borcu olanın fəaliyyətini monitorinq etməlidir. Bu səbəbdən də, dediyim kimi, region nə qədər uzaqdırsa, xərclər o qədər çoxdur. Üstəlik, kreditin qaytarılmama risqi də regionlarda daha çoxdur”.

Günel CƏLİLOVA

Son xəbərlər