Toylar yox, ziyafətlər yox - Azərbaycana meyvə-tərəvəz idxalı 50 faiz artıb

Mircavid Həsənov: “Bəzi məhsulların xaricdən gətirilməsi sərf edir”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, cari ilin yanvar ayında Azərbaycan 22 milyon 512 min dollar dəyərində 42 min ton meyvə-tərəvəz idxal edib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 8 milyon 95 min dollar (56,1%) və 13 min 353 ton (46,4%) çoxdur. Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2,86%-ni təşkil edib.

Məlumdur ki, hazırda pandemiya rejimi ilə əlaqədar olaraq ölkədə toy, ziyafətlər keçirilmir. Restoranlar da əvvəlki kimi fəaliyyət göstərmir. Belə olduğu halda, ölkəyə meyvə-tərəvəz idxalının artmasının səbəbi nə ilə bağlıdır?

  • “Yerli məhsul ucuzdursa, xaricdən gətirməyə ehtiyac yoxdur”

İqtisadçı-ekspert Mircavid Həsənov bildirdi ki, idxalın artmasının müxtəlif səbəbləri ola bilər. Sitrus meyvələrinin (banan, portağal və s.) idxalında artım ola bilər. Yerli istehsal olmayan meyvə-tərəvəzlərin idxalında artım olması mümkündür. Ola bilər əhalinin bu istiqamətdə istehlakı artıb: “Ölkədə kütləvi şəkildə qoz bağları salınır. Amma yerli qozun qiyməti bahadır. Çində və digər ölkələrdə qoz çox ucuzdur. Çindən ölkəmizə qoz gətirilir. Yəni bəzi məhsulların xaricdən gətirilməsi sərf edir.

Dövlətin yeni subsidiya proqramı var. Məsələn, respublikamızda sitrus bağlarının salınmasına görə birdəfəlik subsidiyalar verilir. Bunu ona görə edirlər ki, idxaldan asılılıq azalsın. Tez yetişən meyvə-tərəvəzlərə fermerlər daha çox maraq göstərirlər. Qoz, badam, alma, gilas bağları 3-4 ilə məhsul verir. Amma mandarin, nar, zeytun və bu cür ağaclar daha gec məhsul verdiyinə görə fermerlər bundan bir qədər qaçırlar. Ona görə dövlət fermerlərdə bu sahələrə maraq oyatmaq üçün subsidiyalar verir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, yerli məhsul ucuzdursa, xaricdən gətirməyə ehtiyac yoxdur. Bu sahəni dolayı yolla tənzimləmək olar. Elə subsidiyaların verilməsi tənzimləmə xarakteri daşıyır.

Günel CƏLİLOVA

Son xəbərlər