Pandemiya ilə əlaqədar bir sıra ölkələrdə ötən 11 ayda ümumdaxili məhsulun həcmi daha böyük miqyasda azalıb. Ancaq həmin ölkələrlə müqayisədə Azərbaycanda azalma elə də böyük deyil.
Məsələn, 2019-cu ilin yanvar-noyabr aylarında bizdə ÜDM-in həcmi 64,7 milyard manat təşkil edibsə, 2020-ci ilin analoji dövründə bu rəqəm 61,9 milyard manat təşkil edib. Pandemiyanın dünyada yaratdığı ciddi iqtisadi fəsadları nəzərə alsaq, bu elə də böyük azalma deyil.
Onu da qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında ölkəmizdə əsas kapitala 12,7 milyard manat həcmində investisiyalar yönəldilib. 2019-cu il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 78,3%-i neft-qaz sektorunun payına düşüb. Ötən il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 930,1 milyon dollar, xüsusi çəkisi 21,7 faiz təşkil edib. Mərkəzi Bankın yaydığı məlumata görə, 2019-cu ildə Azərbaycan şirkətləri xaricdə 2,4 milyard, o cümlədən, neft-qaz sektoruna 978,8 milyon, digər sektorlara 1 milyard 452,9 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.
Bütün bunların fonunda görünən odur ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda ÜDM-in azalması elə də böyük deyil.
Maraqlıdır, ekspertlər Azərbaycanda azalmanın elə də böyük olmamasını nə ilə əlaqələndirirlər?
“Hökumət sözügedən istiqamətdə tədbirləri ardıcıl şəkildə həyata keçirir”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu əsasən görülən qabaqlayıcı tədbirlərlə əlaqələndirdi: “Əvvəla bu kimi böhranlarda ÜDM-in azalması təbiidir. Çünki pandemiya bütün dünya iqtisadiyyatına, onun artım səviyyəsinə öz təsirini göstərib. Bir sıra parametrlər üzrə azalma tendensiyası müşahidə edilir. Azərbaycanda ÜDM-in azalması ona görə böyük deyil ki, vaxtında bir sıra qabaqlayıcı tədbirlər görülüb. Məsələ ondadır ki, pandemiya dövründə hökumət bunun iqtisadi zərərlərini azaltmaq üçün kompleks işlər görüb. İstər monitar, istərsə də fiskal siyasətdə maksimal addımlar atıldı ki, pandemiyanın vura biləcəyi ziyan böyük olmasın. Nəticədə bizdə azalma elə də böyük olmadı. Hökumət sözügedən istiqamətdə tədbirləri ardıcıl şəkildə həyata keçirir. Başqa bir tərəfdən, 2015-ci ildə baş verən devalvasiyadan sonra bir sıra tədbirlər görüldü. Yol xəritələri hazırlandı və s. Nəticədə 2019-cu ildə Azərbaycanda dinamik inkişaf müşahidə olundu. Bunun nəticəsidir ki, pandemiya ölkə iqtisadiyyatına ağır zərbə vura bilmir, ÜDM-in azalma səviyyəsi aşağıdır”.
Ekspert onu da qeyd etdi ki, sadalanan faktorlar üzündən ölkə iqtisadiyyatında azalma böyük olmayıb.
Vidadi ORDAHALLI