Məlum olduğu kimi, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilir.
Dəyişikliyə əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata artırılacaq. Dəyişikliyin tətbiqi, say etibarilə, cəmi əmanətçilərin 99.9%-nin əmanətlərinin tam qorunmasını təmin edəcək.
Digər dəyişiklikdə isə qeyd olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilərək sığortalansın. Bu kateqoriyadan olan sahibkarlar maliyyə risqlərinə daha həssas olduqlarından, vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.
Sahibkarlıqla məşğul olanların 20 min manat dəyərində əmanətinin sığortalanması bu kateqoriyadan olan şəxslərin narazılığına səbəb olur.
“...burada risq faktoru nisbətən aşağıdır”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, kompensasiya məbləği 20 min manat müəyyən edilməklə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması təqdirəlayiq hal olsa da, kompensasiya məbləğinin artırılması məqsədəuyğun olardı: “Hazırda bu kateqoriya üzrə banklarda vəsaitlərin həcminin cəmi 110 milyon manat olduğunu və 20 min manata qədər olan hissənin 50 milyon manat təşkil etdiyini nəzərə alsaq, burada daha böyük məbləğin müəyyənləşdirilməsi fiskal baxımdan ciddi öhdəlik yaratmayacaq. Həmin fərdi sahibkarların əksəriyyətinin hesablarının da sistem əhəmiyyətli banklarda olduğunu diqqətə alsaq, burada risq faktoru nisbətən aşağıdır.
O baxımdan kompensasiya məbləğinin 20 min deyil, 50 min manat müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı və bu, fiskal baxımdan hər hansı ciddi çətinlik yaratmayacaq”.
Günel CƏLİLOVA