Nüfuzlu beynəlxalq təşkilat Azərbaycan banklarına MDB-də ən yaxşı yeri necə ayırdı...

Elşad Məmmədov: “Bu baxımdan “Fitch” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsi təqdirəlayiqdir”

img

“Fitch” beynəlxalq reytinq agentliyinin MDB məkanı ilə bağlı yeni hesabatı dərc olunub. Hesabatda qeyd edilir ki, Azərbaycanda bankların vəziyyəti bütün MDB ölkələrindən yaxşıdır: “Azərbaycanda bank sektoru böyük kapital və maliyyə buferlərinə malik olduğundan, reytinq proqnozu stabil hesab edilə bilər. Azərbaycanda banklar mənfəət buferinin əhəmiyyətli hissəsini təşkil edir”.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda pandemiya dövründə bank sektorunun MDB ölkələrindən üstün olması dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasətlə bağlıdır. 

  • “Dövlətimizin bank sektoru siyasəti olduqca məqsədəuyğun, dayanıqlıdır”

Tanınmış iqtisadçı-ekspert Elşad Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, pandemiya dövründə belə qiymətləndirmə Azərbaycan iqtisadiyyatı üçün üstün göstəricidir. “Bilirsiniz ki, pandemiya dövründə bütün dövlətlərin iqtisadiyyatı zəifləməyə doğru gedib, bizdə isə əksinədir. Pandemiya dövründə iqtisadiyyatımız başqa dövlətlərdən fərqli olaraq, zəifləmədi, öz stabilliyini qoruyub saxladı. Bu baxımdan, “Fitch” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsi təqdirəlayiqdir və bizim bank sektorunun real mənzərəsini əks etdirir. Azərbaycanın bank sektorundakı stabilliyə cənab Prezidentin həyata keçirdiyi iqtisadi siyasətlə nail olduq”.

Pandemiyanın davam etməsinə və nəticədə də digər ölkələrin iqtisadiyyatının zəifləməsinə baxmayaraq, Azərbaycanda bu sahədə hər hansı bir gerilik hiss olunmur. Pandemiyanın davam edəcəyi təqdirdə də Azərbaycanın bank sektorunda hər hansı bir zəifləmənin baş verəcəyinin proqnozlaşdırılmadığını deyən E.Məmmədovun sözlərinə görə, buna səbəb dayanıqlı, güclü iqtisadiyyatımızın formalaşdırılmasıdır: “Pandemiya indən sonra davam edərsə belə, bizim bank sektorunda stabillik davam edəcək. Çünki dövlətimizin bank sektoru siyasəti olduqca məqsədəuyğun, dayanıqlıdır. Bütün bu məsələlər Ali Baş Komandanımızın, cənab Prezidentin diqqətindədir, onun qayğısı ilə əhatə olunub. Ona görə də hesab edirəm ki, bizim ölkədə bank sektorunda bundan sonra da hansısa bir geriləmə olmayacaq və stabillik tam olaraq davam edəcək”.

İradə SARIYEVA

Son xəbərlər