Məlum olduğu kimi, Preziden İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydalarını təsdiq edib və Fondun nizamnaməsində dəyişikliklər edib.
Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.
Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov qeyd etdi ki, məlum qərar sahibkarların kredit təminatına müsbət təsir edəcək: “Bütün bunlarda məqsəd ondan ibarətdir ki, sahibkarların kredit resurslarına çıxış imkanları artsın. Eyni zamanda, sahibkarlar güzəştli kreditlərdən daha çox istifadə etmək imkanına malik olsunlar. Mövcud iqtisadi paket çərçivəsində hazırda sahibkarlara yarım milyard güzəştli kreditin təklif edilməsi nəzərdə tutulub. Həmin kredit portfelinin 60 faizinə dövlət özü zəmanət verəcək. Bununla yanaşı, sahibkarlara veriləcək 1 milyard manatadək kreditə subsidiya tətbiq olunacaq. Yəni həmin kreditlərin 10 faizi dövlət tərəfindən subsidiya kimi veriləcək. Digər tərəfdən, güzəştli kreditlərin verilməsinin yeni qaydalarının təsdiq edilməsi onu göstərir ki, sahibkarların postpandemiya dövründə güzəştli kreditlərdən istifadə imkanları genişlənəcək. Bu da imkan verəcək ki, sahibkarlar güzəştli kreditlərdən daha sıx şəkildə istifadə etsinlər. Növbəti mərhələdə biz sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinin və onların aşağı faizlərlə kreditlərlə təmin olunmasının şahidi olacağıq. Bütün bunların sayəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin ediləcək”.
Günel CƏLİLOVA