Məlum olduğu kimi, Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli, 196 nömrəli qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmət sahələri artırılıb. Fəaliyyət göstərəcək sahələrdən biri də rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləridir.
Qeyd edək ki, bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.
“...bunlara əməl olunmasa, aqrar sektorda məhsul çatışmazlığı yaşanar”
Sərt karantin günlərində fermerlər üçün ediləcək güzəştin əhəmiyyəti barəsində danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, pandemiya dövründə kənd təsərrüfatı sektoru ilə məşğul olanlara güzəştin şamil olunması aqrar sahənin inkişaf etməsinə səbəb olacaq: “Kənd təsərrüfatı elə bir sahədir ki, bu sektorın istənilən sahəsində fasilə ola bilməz. Bitkiçilik, heyvandarlıq və əkinçilik sahəsində daim müəyyən prosedurlar həyata keçirilir. Bu sahədə fasilə verilirsə, kənd təsərrüfatında müəyyən problemlər yaşana bilər. Əkinin suvarılması, məhsulun yığılması, toplanması, elə meyvələr var ki, vaxtında toplanmalıdır. Bunlara əməl olunmasa, aqrar sektorda məhsulun çatışmazlığı yaşanar. Bu kimi problemlərin yaşanmaması üçün aqrar sektorla məşğul olanlara güzəşt edilməlidir”.
Günel CƏLİLOVA