Sahibkarlığın güzəştli şərtlərlə kreditləşməsi yeni qaydalarla həyata keçiriləcək. Belə ki, Prezident İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinin yeni qaydasını təsdiq edib.
Yeni qaydalara əsasən, güzəştli kreditlərin həcmi 10 min manatdan 10 milyon manata qədər təşkil edə bilər. Kreditlər məbləğindən asılı olaraq 3-10 il mddətinə qaytarılma şərtilə verilir. Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərin ümumi faiz dərəcəsinin illik 5% -dən çox olmamaq şərtilə öz resurslarını müvəkkil kredit təşkilatlarına illik 1% ilə təqdim edəcək.
Sözügedən qərar ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədi daşıyır.
Bütün bunların fonunda, yeni qaydalar sahibkarlığın inkişafında və bu sektorun kredit təminatında necə necə rol oynayacaq?
“Bütün bunların sayəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin ediləcək”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, sözügedən qərar sahibkarların kredit təminatına müsbət təsir edəcək: “Bütün bunlarda məqsəd ondan ibarətdir ki, sahibkarların kredit resurslarına çıxış imkanları artsın. Eyni zamanda, sahibkarlar güzəştli kreditlərdən daha çox istifadə etmək imkanına malik olsunlar. Mövcud iqtisadi paket çərçivəsində hazırda sahibkarlara yarım milyard güzəştli kreditin təklif edilməsi nəzərdə tutulub. Həmin kredit portfelinin 60 faizinə dövlət özü zəmanət verəcək. Bununla yanaşı, sahibkarlara veriləcək 1 milyard manatadək kreditə subsidiya tətbiq olunacaq. Yəni həmin kreditlərin 10 faizi dövlət tərəfindən subsidiya kimi veriləcək. Digər tərəfdən, güzəştli kreditlərin verilməsinin yeni qaydasının təsdiq edilməsi onu göstərir ki, sahibkarların postpandemiya dövründə güzəştli kreditlərdən istifadə imkanları genişlənəcək. Bu da imkan verəcək ki, sahibkarlar güzəştli kreditlərdən daha sıx şəkildə istifadə etsinlər. Müddətin uzun olması kreditlərdən uzunmüddətli dövr üçün istifadəetmə imkanları deməkdir. Hesab edirəm ki, bu, sahibkarlar üçün vacibdır. O mənada ki, bu, onlara işlərini planlaşdırmağa imkan verəcək. Digər tərəfdən, faizlərin aşağı salınmsı, məbləğin artırılması sahibkarlara daha böyük həcmdə kredit götürməyə şərait yaradacaq. Ona görə də bu, birmənalı şəkildə, imkan verəcək ki, sahibkarların kredit resurslarına çıxış imkanları artsın. Növbəti mərhələdə biz sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinin və onların aşağı faizlərlə kreditlərlə təmin olunmasının şahidi olacağıq. Bütün bunların sayəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin ediləcək”.
Vidadi ORDAHALLI