Ermənistan parlamentində günbəgün artan gərginlik iki səlahiyyət sahibi qadının özbaşınalıqları üzündən özünün pik həddinə çatıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “168 jam” qəzeti yazıb. Qəzetin xəbərinə görə, parlament aparatının rəhbəri Tiqran Qalstyan olsa da, de-fakto bu vəzifəni “Mənim addımım” fraksiyasından deputatlar Anna Karapetyan və Kristine Qriqoryan həyata keçirir. İkincinin həm də vaxtilə keçmiş spikerin köməkçisi olduğu vurğulanır.
Qəzet yazır ki, parlamentdə işləmək təcrübəsi olan bu iki qadının hazırda aparata rəhbərliyi faktiki ələ almaqla kimlərin işdən uzaqlaşdırılmasını özlərinin həll etməsi aparat işçilərində ciddi qıcıq yaradır. Nəşrin bildirdiyinə görə, “məxməri inqilab”a qədər Anna Karapetyan parlamentdə Ermənistanın Respublika partiyasından olan deputatın köməkçisi işləyib və onu həmin vəzifəyə parlament aparatında işləyən bacısı gətirib. Kristine Qriqoryan isə eks-spiker Ovik Abramyanın müşaviri olub, sonradan dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri David Arutyunyanın köməkçisi işləyib və bunun ardınca Ədliyyə Nazirliyində vəzifə alıb.
Bu iki qadının hazırda parlamentdə söz sahibi olması isə hazırda burada gərginliyi pik həddinə çatdırıb. Onların özbaşınalığı o həddə çatıb ki, parlament aparatının rəhbəri Tiqran Qalstyan duruma müdaxilə etməli olub. Aparat rəhbəri deyib ki, bu qadınlara “dur” deyən olmazsa, vəzifəsindən istefa verəcək.