Almaniya Federal hökuməti erməni cinayətkarların ölkədəki kriminal fəaliyyəti barədə yayılan xəbərləri təsdiqləyib.
“Der Tagesspiegel”in xəbərinə görə, Bundestaqdakı solçuların sorğusuna cavab olaraq federal hökumət erməni “qanuni oğru”ları ilə bağlı 42 nəfər barəsində 14 kriminal iş açıldığını bildirib.
Nəşr özünün şənbə sayında qeyd edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın ölkədə səfərdə olması və Almaniya rəhbərliyilə görüşlər keçirməsi səbəbindən sözügedən məsələ ilə bağlı sənədlərin əldə olunması üçün o qədər də əlverişli zaman deyildi. Lakin qeyd olunur ki, alman polisi ermənilər barəsində çirkli pulların yuyulması, zorakılıq, dələduzluq və əmlaka qarşı törədilən cinayətlərdən şübhəlidir. Bugünə qədər onlardan yalnız biri barəsində hökm çıxarıldığını yazan “Der Tagesspiegel”in xəbərinə görə, ölkənin hüquq-mühafizə orqanları erməni mafiyası ilə italyan mafiyası arasında əlaqələri də aşkar edib.
Xatırladaq ki, ötən ilin noyabrında Almaniyanın “Der Spiegel” qəzeti də erməni mafiyasının bu ölkədəki “sərgüzəştlərindən” yazmışdı. Daha sonra isə alman KİV-i polisin Tyuringiya federal dairəsində erməni mafiyasının izinə düşdüyünü və klan üzvü olmasından şübhələndiyi iki nəfəri gözaltına aldığını xəbər vermişdi.
SAMİRƏ