Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb. Dinləyicilərin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.
Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak edib.
Texnika elmlər doktoru, professor İqbal Babayev 26 yanvar - Ümumdünya Gömrük Təşkilatının yaranması günü və 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramı münasibətilə dinləyiciləri təbrik edib. O, Akademiyada yüksək səviyyədə, yeni fərqli proqramla təlimlərin təşkil olunduğunu, proqramın təkmilləşdirildiyini qeyd edib.
Dövlət Gömrük Komitəsi tərəfindən kadr potensialı ilə bağlı son dövrlərdə aparılan islahatlar və görülən işlərdən bəhs edən Komitə sədrinin müavini gender balansının 10 faizdən 23 faizə çatdırıldığını sözlərinə əlavə edib.
Akademiyanın rəisi Qulu Novruzov təlimlərin təşkilində verdiyi dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, yanvar ayında təşkil olunan təlimlərdə 39 dinləyici iştirak edib. Xidmətə yeni qəbul olunan gömrük əməkdaşlarının növbəti qrupu üçün təlimlər isə fevral ayında keçiriləcək.
Baki-xeber.com