Macarıstanın “Budapest Times” qəzeti Azərbaycana geniş məqalə həsr edib.
“Azerbaijan: Not just oil anymore” (Azərbaycan:yalnız neft deyil) adlı məqalədə ölkəmizin təbii sərvətləri, gözəllikləri ilə yanaşı müasir dünyada rolu, dünya iqtisadiyyatına verdiyi töhfələr və digər üstünlükləri geniş təhlil olunur. Məqalə müəllifi bu sırada Azərbaycanda yoxsulluğun azaldılması üzrə dövlət proqramının uğurlu tətbiqinə və əldə olunan nəticələrə geniş yer ayırır, Avropanın iri sərmayəçi kompaniyalarının çoxdan bu postsovet ölkəsinə diqqət yetirməli olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycanın zəngin enerji resursları ilə iqtisadiyyatını aktiv şəkildə diversifikasiya etməsi həm ölkənin özünə, həm də xarici investorlara əlverişlidir.
Məqalədə əsas diqqət “xammalın lənətlənməsi” deyilən paradoks vəziyyətə yönəldilir. Təbii sərvətlərlə zəngin olan bütün ölkələrin bu “lənətlə” üzləşdiyini yazan macar müəllif bildirir ki, belə ölkələrdə, təbii ehtiyatları olmayan ölkələrlə müqayisədə iqtisadi inkişaf adətən daha ləng getsə də, Azərbaycan sözügedən təmayüldən ustalıqla yan keçməyi bacarıb.
Məqalədə hələ 100 il öncə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi xüsusi vurğulanır, bunun nəticəsi olaraq hazırda ölkədə qadın sahibkarlara dəstək təşəbbüsləri alqışlanır.
Eyni zamanda məqalədə Azərbaycanda korrupsiya ilə mübarizə tədbirlərinin də işıqlandırılmasına geniş yer verilir, əldə olunan nəticələr sayəsində ölkənin dünyada müsbət imic qazandığı bildirilir. “StandardandPoors”, “Moody’sQ və “Fitch” kimi sanballı agentliklərin reytinq cədvəlində Azərbaycan iqtisadiyyatının “stabil” olaraq qiymətləndirildiyini yazan müəllif hazırda ölkənin əsas ticarət partnyorlarının İtaliya, Almaniya kimi Avroittifaq ölkələri, o cümlədən Türkiyə, Rusiya olduğuna diqqət çəkir.
Sonda Azərbaycanın dünya maliyyə arenasında sanballı oyunçulardan olduğunu yazan müəllif şübhə etmir ki, bu rol illər keçdikcə daha da artacaq.
SAMİRƏ