“Bu yaxınlarda AMEA Rəyasət Heyəti Aparatının elmi idarəetmə sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə aparatın strukturunda müəyyən dəyişikliklər edilib”
Ölkənin baş elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlif elmi-tədqiqat institutlarının şöbələrində ixtisarların aparılması ilə bağlı məlumat yayılıb.
Yerli medianın yazdığına görə, AMEA institutlarının şöbələrinin hər birindən üçdən artıq elmi işçinin fəaliyyətinə son qoyulub. Mətbuatda yer alan iddialara görə, buna səbəb elmi işçilərin iş davamiyyətinin aşağı olmasıdır.
AMEA-da həyata keçirildiyi iddia edilən ixtisarlarların səbəbi nədir?
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi - Mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mətbuatda gedən fikirlər əsassızdır: “Bildiyiniz kimi elmi idarəetmə sisteminin modernləşdirilməsi AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu yaxınlarda AMEA Rəyasət Heyəti Aparatının elmi idarəetmə sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə aparatın strukturunda müəyyən dəyişikliklər edilib. Yeni strukturda nəzərdə tutulmayan ştat vahidləri üzrə çalışmış əməkdaşlar dəyişikliyə uyğun olaraq başqa vəzifələrə keçirilib. Yəni ixtisarlardan söhbət gedə bilməz”-deyə S.Qəhrəmanov bildirdi.
İradə SARIYEVA