Ermənistanda Qarabağ klanının hakimiyyətinə son qoyulmasının ardından ermənilərin Azərbaycan torpaqlarını işğal hesabına yaratdığı qondarma “DQR” rejiminin “rəhbərliyində” də köklü islahatların aparılacağı barədə söz-söhbətlər rejim “sözçülərini” publikaya ünvanlanmış sakitləşdirici bəyanatlar səsləndirməyə vadar edib.
Belə ki, elə seçkilər ərəfəsində qondarma “Artsax”ın “rəhbərliyində” təmsil olunan bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı barədə xəbərlər yayılmağa, bu sırada konkret adlar çəkilməyə başlayıb. Son günlər isə sosial şəbəkələrdə qondarma rejimin “silahlı qüvvələrinin” komandanı Levon Mnatsakanyanın görəvdən uzaqlaşdırılması ilə bağlı müzakirələr erməni gündəminin ən maraqlı mövzusuna çevrilib. Levon Mnatsakanyanın və digər “yüksək vəzifəli” şəxslərin görəvdən alınması xəbərlərinə münasibət bildirən qondarma “DQR”-in “prezidentinin mətbuat katibi” David Babayan məsələ ilə bağlı mətbuata açıqlamasında “şayiələrə uymamağa” və rəsmi xəbərlərə əsaslanmağa çağırıb.
Lakin təbii ki, “od olmayan yerdən tüstü çıxmaz”. Nəzərə alınsa ki, Qarabağ erməniləri ilə İrəvan ermənilərinin “ulduzu” heç vaxt barışmayıb və onların leksikonundakı dil fərqi də bu ayrıcalıqdan xəbər verir, yayılan şayiələrin bir gün doğru ola biləcəyinin erməniləri narahat etməsi normaldır. Üstəlik, Paşinyanın “küçədən kürsüyə” transfer etdiyi ilk dönəmlərdəki odlu-alovlu çıxışlarında Azərbayan tərəfi ilə Qarabağ danışıqları aparmayacağını bəyan etməsi və bunu özünün qarabağlı olmaması ilə əsaslandırması da ermənilərdə onun bir gün qondarma rejimin başına özünə yaxın şəxslərin gətirilməsini planlaşdırdığı barədə düşüncələri artırıb.
Amma o da var ki, Paşinyan həmin sözünü tuta bilmədi və iki ölkənin XİN rəhbərləri görüşdü, dövlət başçılarının görüşünə isə hazırlıq gedir. Bu gedişlə ABŞ və Rusiya arasında “haça-paça” qalan Ermənistanın bir gün işğal etdiyi torpaqlardan çəkiləcəyi mütləqdir. Bu halda isə onun Qarabağda kadr islahatı aparmasına ehtiyac qalmayacaq. Çünki o gün gəldikdə qondarma rejimin “rəhbərliyi” SSRİ-siz qalan sovet rəhbəri Mixail Qorbaçovun taleyini yaşamalı olacaq.
SAMİRƏ