65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov dünən Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda həm Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar, həm də 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər iştirak edib. Qəbul zamanı xəstələrin müalicəsi, müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıb. Ə.Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin diqqət mərkəzində olduğunu və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib. Həmçinin, müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə onlardan müəyyən sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması üçün tapşırıqlar verilib.