Dövlətçilik tariximizdə yeni konstitusiya vəzifəsinə ilk təyinata birmənalı rəy: Azərbaycanda sabitlik və təhlükəsizlik daha da möhkəmlənəcək...
Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.
"Trend"in AzTV-yə istinadən verdiyi məlumata görə, dövlət başçısı iclasda deyib: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır".
Prezident İlham Əliyev bildirib ki, Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və deputat kimi çox böyük işlər görüb: "Təmsil etdiyi dairənin sosial, iqtisadi problemlərinin həlli işində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır. Onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, deputat kimi Mehriban Əliyevanın çox geniş fəaliyyəti də var və bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi altında nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilib. Onların arasında xüsusilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 3 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir".
Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev Fondunun xəttilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: "Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır və Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı olan layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissələrinə çevrilib. Bu, sadəcə olaraq sənət növü deyil. Bu bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur. Azərbaycanı dünyada təqdim etmək üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilib. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa başlamışdır. Dünya artıq görür ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.
Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə "Eurovision" adlı mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də təşkilat komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyətinin nəticəsində mümkün olmuşdur. 2 il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyətdir və birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaq".
Prezident İlham Əliyev bildirib: "Təsadüfi deyil ki, bu il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. Əminəm ki, İslam Həmrəyliyi Oyunlarını da biz yüksək səviyyədə keçirəcəyik. Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var, bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib - məhz öz fəaliyyəti nəticəsində. Eyni zamanda, 10 ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir və dünyada ikinci belə şəxsiyyət yoxdur ki, bu iki mötəbər təşkilatın üzvü olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün dünya miqyasında Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Bax, bu çoxşaxəli fəaliyyət, eyni zamanda ümumi fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Həmçinin qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək. Bu təyinat münasibətilə onu təbrik edirəm və yeni uğurlar arzu edirəm".
"Hörmətli cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam". Bunu isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Mehriban Əliyeva bildirib: "Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm. Belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, dəstəyiniz durur. Keçmiş illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi, bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə, hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır".
Birinci vitse-prezident qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq 13 ildir öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub: "Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir".
Mehriban Əliyeva qeyd edib ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır, əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək olar, ən böyük zirvələrə qalxmaq olar: "Hörmətli cənab Prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri, sizi əmin edirəm ki, mən öz gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam, ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağam, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm".
Mehriban Əliyevanın Azərbaycan dövlətçiliyi tarixində yeni konstitusiya vəzifəsinə ilk təyinat alması çox geniş reaksiyalar doğurub. Təbii ki, dəstək reaksiyalar...
Prezident İlham Əliyevin TŞ-də dediyi kimi, həqiqətən də Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Bu fikirlə bütün ekspert və təhlilçilər də razılaşır və əlavə edirlər ki, ölkənin bütünlüklə öz həyatında da yeni dövr başlayır. İlk andan reaksiyalar başladı. Ən sanballı daxili və xarici mənbələrdən rəylər gəldi. Kimisi bu təyinatı Mehriban xanımın indiyə qədərki zəhmətlərinə və ləyaqətinə verilən qiymət kimi qarşıladı, kimisi onun yeni şərəfli məsuliyyət götürdüyünü dedi və sair.
Novruz Məmmədov: "Mehriban Əliyeva bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq"
"Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü". "Trend"in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".
Lev Spivak: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması indiyədək öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır"
Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür. Bunu "Trend"ə "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.
L.Spivak qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması mükafat deyil, indiyə qədər öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır: "Onun bu vəzifəyə təyin olunması gördüyü işlərdə göstərdiyi səylərin təsdiqidir".
Sergey Markov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək"
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək. Bunu "Trend"ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu təyinat dövlətçiliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır: "Daxili sistemdə hər hansı bir dəyişiklik baş verməyəcək. Mehriban Əliyeva həmişə ölkənin ictimai və siyasi həyatında fəal rol oynayıb".
Mixail Qusman: "Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək"
Mehriban Əliyeva Azərbaycan dövləti və xalqı üçün çox işlər görüb və Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək. Bunu "Trend"ə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
O, Mehriban Əliyevanın ölkədə humanitar və ictimai sahələrdə iri layihələrin təşkil olunmasında vacib rolunu qeyd edib:
"Eurovision", Avropa Oyunları, Formula 1 Ü bu siyahını uzatmaq olar. Heydər Əliyev Fondunun ölkənin sosial həyatının inkişafında, ehtiyacı olan insanlara yardım göstərilməsində də rolu böyükdür. Əminəm ki, Mehriban xanım sadəcə böyük ictimai xadim deyil, o, həm də Prezidentə ölkənin inkişafı üzrə strateji planların icra olunmasında yardım etməklə bu vəzifədə özünü görkəmli dövlət xadimi kimi göstərəcək".
Onun sözlərinə görə, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam verməklə Azərbaycan Prezidenti İlham Əliyev onun uzun illərdir ki, ölkənin ictimai və siyasi həyatında tutduğu yeri bir daha vurğulayıb.
M.Qusman qeyd edib ki, Mehriban Əliyevanın əvvəlki təcrübəsinə əsaslanaraq demək olar ki, o, yeni vəzifədə ilk növbədə ölkənin humanitar, mədəni və sosial inkişaf sahələri ilə məşğul olacaq.
Bahar Muradova: "Prezident hamının gözlədiyi qərarı verdi"
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi üçün faydalı sayan B.Muradova qeyd edib ki, artıq konkret olaraq, referendumun nəticələrindən irəli gələn addımlar atılır: "Bu müddət ərzində dəfələrlə bu sualla qarşılaşmışdıq ki, vitse-prezidentlər nə zaman təyin olunacaq və onlar kimlər ola bilər. Səslənən fikirlərin, verilən proqnozların arasında hər zaman əsas fikir o idi ki, Birinci vitse-prezident postuna ən layiqli namizəd Mehriban Əliyevadır. Çox gözəl oldu ki, Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi".
Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını dövlətin idarəçiliyi sahəsində mühüm və əhəmiyyətli qərar sayan B.Muradova hesab edir ki, Mehriban Əliyeva bu günə qədər bütün fəaliyyəti ilə Azərbaycan qadının adını ən yüksək pillələrə qaldırıb, Azərbaycan qadınlarının adını uğurla təmsil edib: "Onun uğuru Azərbaycanın uğurudur. Bu illər ərzində də əmin olmuşuq ki, Mehriban xanım fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğura imza atır, ən gözəl olanını edir və bununla da hər kəsin diqqətini göstərdiyi fəaliyyətə cəlb edir. İnanıram ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin ona göstərdiyi bu etimadı doğruldacaq və vəzifəsini çox böyük uğurla yerinə yetirəcək, Prezidentin ölkəmizin inkişafı istiqamətindəki bütün fəaliyyətinə daha yaxından dəstək olacaq. Bu uğurlu tandem yeni dövr üçün Azərbaycana xidmətin yeni nümunəsini ortaya qoyacaq".
Rauf Əliyev: "...O...davam etdirəcək"
"Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır". Bunu Trend-ə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev qeyd edib ki, artıq Mehriban xanım Əliyeva uzun illərdir Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir: "Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi ona həvalə edilmiş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanda təhsil, səhiyyə və digər sosial sahələrdə, yeni ümumtəhsil məktəblərinin, sağlamlıq imkanı məhdud uşaqlar üçün internat məktəblərinin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsi, əsaslı təmir olunaraq yenidən qurulması ilə əlaqədar genişmiqyaslı sosial layihələr həyata keçirib".
Millət vəkili xatırladıb ki, Mehriban xanım Əliyeva Milli Məclisin üzvü kimi dəfələrlə Amnistiya aktının qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmiş və bu aktların qəbul edilməsi nəticəsində minlərlə məhkum azadlığa çıxmışdır: "Son illər Azərbaycanda keçrilən beynəlxalq miqyaslı tədbirlərin Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti onun yüksək təşkilatçılıq qabliyyətinin bariz nümunəsidir. Həm "Eurovision" mahnı müsaqibəsinin, həm də I Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu beynalxalq miqyaslı tədbirlərin uğurla başa çatdırılmasının başlıca amillərindən biri olmuşdur. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Bu yüksək təşkilatçılıq qabiliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 18.09.2015-ci il tarixli sərəncamı ilə IV Islam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədirliyi ilə Təşkilat Komitəsi yaradılmışdır".
Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın bu günə qədər olan fəaliyyəti sübut edir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcək.
Dini konfessiyaların rəhbərlərinin Mehriban Əliyevaya ümid dolu təbrikləri...
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibəti ilə təbrik ediblər. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, təbrikdə deyilir:
"Möhtərəm Mehriban xanım! Biz-Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri dövlətimizin tarixində ilk dəfə olaraq vitse-prezidentlik səlahiyyətlərinin Sizə həvalə olunması münasibətilə dindarlarımız adından Sizi təbrik edir, yeni vəzifənizdə daim uğurlu olmanız üçün səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Uca Yaradanın mərhəmət və qüdrət nəzərinin hər zaman üzərinizdə olmasını diləyirik.
Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, siyasi liderlik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların Xoşməramlı səfiri Mehriban xanım Əliyeva var. Sizin bu zamana qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyünüz işlər, milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir azəri xanımın dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümayişidir. Siz millətlər və dinlər arası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla, Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırırsınız.
Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir.
Hörmətli Mehriban xanım! Vitse-prezident kimi fəaliyyətinizin ilk günü xalqımızın qədim bayramlarından olan Novruzun ilk Su çərşənbəsinə - Baharın oyanışına təsadüf edib. Biz bunu gəlişi mübarək olan simvolik rəmz kimi qəbul edirik - Sizin sayənizdə ölkəmizdə yeni ümidlər oyanacaq, həyatımız su kimi şəffaf və aydın olacaqdır, inşallah! Bu əziz gündə bir daha Sizi təbrik edir, dindarlarımızın xeyir-dualarının daima Sizinlə olmasını arzu edirik. Uca Yaradan hər zaman yardımçınız olsun! Amin".
Qeyd edək ki, məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və Alban-udi dini icmasının sədri Robert Mobili imzalayıblar.
Razi Nurullayev: "Bu qərar gözləntilərimizlə üst-üstə düşdü"
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayevin sözlərinə görə, Mehriban Əliyeva birinci xanım kimi ölkə siyasətində çox fəallıq göstərirdi: "Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident təyin edildi və referendumda nəzərdə tutulan dəyişikliklərin icrasına start verildi. Bu qərar gözləntilərimizlə üst-üstə düşdü. Çünki onsuz da bu qərarın veriləcəyində əminliyimiz vardı. Başqa qərarın gözləntisi Azərbaycan siyasətindən xəbərsizliyin göstəricisi olardı. Bir məsələ var ki, artıq Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva birinci xanım kimi ölkə siyasətində çox fəallıq göstərirdi. Bundan sonra formal vəzifə sahibi kimi bir çox siyasi məsələlərin qəbul edilməsində birbaşa iştirakçı olacaq.
İndi qalır vitse-prezident gözləntilərimiz. Əminik ki, təəccüblənməyəcəyik. Çox uzağa baxmaq da lazım deyil".
Qabil Hüseynli: "İnanırıq ki, Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də dövlət idarəçilik..."
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ötən il keçirilən referendum ölkəmizin həyatında mühüm dəyişikliklərin təməlini qoydu: "Ölkənin siyasi sistemində müəyyən dəyişikliklər baş verdi. Konkret olaraq vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tuturam. Bu, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi məqsədini güdür. Eyni zamanda, özündə idarəetmə strukturlarının daha da təkmilləşdirilməsi məqsədini ehtiva edir. Bütün bu proseslər xalqın iradəsi ilə olub. Prezidentə də səlahiyyət verdi ki, öz komandasını formalaşdırsın. Bu, Prezidentin siyasi iradəsidir və həmişə Azərbaycana uğur gətirib. İnanırıq ki, Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də dövlət idarəçilik sistemini daha da təkmilləşdirməklə, Azərbaycanda keçirilən siyasi islahatların uğurla aparılmasına töhfə olacaq".
Əli Əliyev: "Bu qərar mövcud ola bilən variantlar, o posta gətirilə biləcək potensial namizədlər içərisində ən uyğun olanıdır"
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məsələyə bir neçə prizmadan yanaşdı: "Bu təyinat Azərbaycanda bir çox məsələlərə aydınlıq gətirdi. O cümlədən siyasi perspektivlərə, hakimiyyətdaxili münasibətlərə aydınlıq gətirən hadisədir. Bu qərar mövcud ola bilən variantlar, o posta gətirilə biləcək potensial namizədlər içərisində ən uyğun olanıdır. Yəni Azərbaycan xalqı rahat nəfəs ala bilər. O baxımdan müsbət qərardır".
Nahid SALAYEV