Avropa İttifaqı (Aİ) Azərbaycanla imzalanacaq yeni sazişlə bağlı bir sıra mühüm planlar hazırlayır. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə deyib.
Onun sözlərinə görə, Avropa tərəfi bu sazişin əməkdaşlığın bir çox sahələri – iqtisadiyyat, ticarət, effektiv idarəetmə, humanitar əlaqələri əhatə etməsini arzu edir.
M.Mard deyib ki, yeni saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək. O qeyd edib ki, Aİ tvinninq layihəsi üzrə 2007-ci ildən etibarən 47 layihə həyata keçirib: "İlin sonuna kimi bu, 50-yə çatdırılacaq. Hazırkı layihəmizin büdcəsi 1,2 milyon avrodur və iki il davam edəcək. Dövlət qulluğu davamlı inkişaf tələb edir".
Səfir Azərbaycan və Aİ arasında imzalanacağı gözlənilən sazişə də toxunub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı yeni saziş üzrə danışıqların başladığını xatırladıb.
M.Mardın sözlərinə görə, bu saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə olacaq.