Milli Məclisin bu gün növbədənkənar iclası öz işinə başlayıb. İclasda iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.
APA-nın məlumatına görə, Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: "Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər”.
Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: "Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: "Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”.
Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: "Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur”.
F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.
Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.
MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov son vaxtlar iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Cənab prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Banklarla bağlı olan məsələ gündəmə gəlib. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərə bağlı ictimaiyyətə məlumat verəcək. Banklardakı vəziyyət, problemlər barədə məlumat vermək lazımdır ki, insanlar bilsinlər. Yoxsa, heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var. Son müşavirədə cənab prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni investisiyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, cənab prezidentin çağırışına dəstək versinlər, yerli istehsalın inkişafına kömək olsunlar”.
İqtisadiyyatı hamıdan güclü bilən dövlət başçısıdır
Oqtay Əsədov isə bildirib ki, ölkədə mövcud olan iqtisadi vəziyyət fonunda Prezident İlham Əliyev tərəfindən tədbirlər görülür və növbəti islahatlar istiqamətində müvafiq addımlar atılır.
O.Əsədov qeyd edib: "Mən bir daha əmin oldum ki, bizim iqtisadçılar arasında iqtisadiyyatı hamıdan güclü bilən dövlət başçısıdır. İslahatlara başlamaq üçün Prezident İlham Əliyev tərəfindən Milli Məclisə sənədlər göndərilib. Biz bunun zərurətini başa düşərək növbədənkənar sessiya çağırdıq".
Dövlət büdcəsinə yenidən baxıla bilər
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, çox güman ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq. Z.Səmədzadə bildirib ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadi planlara yenidən baxmağı zəruri edir.
Z.Səmədazə deyib ki, bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var: "Ancaq bu valyuta ehtiyatlarını birdən birə xərcləmək olmaz. Valyuta ehtiyatları səmərəli şəkildə istifadə olunmalıdır”.
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda valyuta məzənnələri tənzimlənməlidir. Komitə sədri hesab edir ki, ölkədə yüzlərlə valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur.
Z.Səmədzadə əlavə edib ki, bu günki növbədənkənar iclasda müzakirəyə çıxarılan qanun layihələri Azərbaycan iqtisadiyyatının davamlılığını artıracaq, əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.
Energetika Nazirliyi, "Azərenerji” nəyə lazımdır?
"Ölkədə unun qiymətinin stabilləşdirilməsi çox vacib qərardır. Ümumiyyətlə, son günlər qəbul edilən qərarlar çox ciddi addımlardır. Hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyət ehtiyatları var”. Bunu isə millət vəkili Vahid Əhmədov deyib.
Çıxış edən Zahid Oruc isə ixtisarlardan danışıb: "Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, "Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik”.
Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına "Sənin yerin görünür" replikası ilə cavab verib.
"Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlar, Vergi Məcəlləsi
Milli Məclis "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, eləcə də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.
Trend-in məlumatına görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondunun üzv banklarında əhalinin əmanətləri depozitin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalanıb.
Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə müvafiq olaraq, fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, faiz gəlirləri vergi ödənişindən azad edilir.
Bundan başqa, "İnvestisiya təşviqi sənədi"ni almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin və hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə gəlir vergisindən azad edilir.
Həmçinin bu məcəlləyə edilən əlavələrə görə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - "İnvestisiya təşviqi sənədi"ni aldığı andan 7 il müddətinə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə vergi ödənişindən azad edilir.
Vergilər Məcəlləsinə əlavə edilmiş yeni maddəyə görə isə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.
Bundan sonra Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığım tətbiq edilir. Bunu "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər nəzərdə tutur.
Dəyişiklilərə əsasən, bu, müalicə və təhsil xərcləri, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının icrası ilə bağlı xaricə pul köçürmələrinə şamil edilməyəcək.
20 faiz həcmində icbari yığım qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin alınması, eləcə də Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinin saxlanılması üçün birbaşa investisiya qismində çıxarılan valyutaya da aid ediləcək.
Bu yenilik əsas kapitalda dövlət payı 50 faizi ötən hüquqi şəxslərə şamil edilməyəcək.