"Azərbaycan əhalisinin əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə etibar edir". Bunu "Rəy" Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Monitorinq Mərkəzindən Trend-ə bildiriblər ki, cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.
"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi" sualına respondentlərin 83%-ə yaxını "bəli, cavab verir" (tam və ya qismən), 5%-i "xeyr, cavab vermir", 4%-i isə "əsasən cavab vermir" deyə cavab bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğu, həmçinin göstərib ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% "yəqin ki, iştirak edərdim" cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.
Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.