Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1297-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilir:
"33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz”.
Həmçinin aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilir:
"34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz”.
51-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:
"51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.