Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski qeyd etdi ki, o, ölkəmizə səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan Prezidenti ilə görüşməkdən məmnunluq duyur. Yanuş Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini dedi. O, əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa Hökuməti adından təbrik etdi.
Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.