"Binəqədi rayonunda yanan binaya üzlüklərin çəkilməsi ilə bağlı müqavilələr imzalanmayıb. Həmin şirkətlə icra hakimiyyəti arasında bu işlərin görülməsi ilə bağlı müqavilə imzalanmayıb. Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının bu gün keçirilən iclasında baş prokuror Zakir Qaralov deyib. Məlumatı AzTV yayıb.
Z.Qaralov bildirib ki, bu işlərə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır: "Layihələndirmə işi Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır, orada layihələndirməyə razılıq veriləndən sonra bu işlər davam etdirilməlidir".
Baş prokurorun sözlərinə görə, eyni zamanda, ilkin baxışdan müəyyən edilir ki, orada tək bu material istifadə olunmamalıdır: "Bunların arasında izolyasiya materialları da qoyulmalı idi".
Z.Qaralov deyib ki, bu şirkət tərəfindən görülmüş işlər üzrə əlavə iki hadisə olub: "Bir hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində olub. Düzdür, orada tələfat olmayıb, amma artıq bir siqnal olub ki, bu materiallar keyfiyyətsizdir. İkinci hadisə isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində olub. Orada da bu material artıq yanıb. Yəni iki siqnal var idi ki, bu materiallar tam keyfiyyətsizdir və bunların istifadəsi tam yararsızdır".