Belarusun "Turizm və istirahət” qəzetinin portalında iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məqalə yerləşdirilib. Bu barədə Trend AZƏRTAC-a istinadən xəbər verir.
Məqalədə yarışların keçirilməsi üçün 18 idman obyektinin hazırlandığı qeyd olunur. Onlardan beşi - Milli Gimnastika Arenası, Velopark, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdman Növləri Mərkəzi, Milli Stadion məhz Oyunlar üçün tikilib. İdmanın 20 növü üzrə yarışlarda altı mindən çox Avropa idmançısı iştirak edəcək. Bu idman növlərinin 12-sində 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına seçim olacaq. Yarışlarda 253 dəst mükafat uğrunda mübarizə aparılacaq.
Məqalə müəllifi son onilliklər ərzində şəhərimizdə böyük dəyişikliklərin baş verdiyini qeyd edərək yazır: "Müasir Bakı Asiya dəbdəbəsinin, Avropa yaraşığının, qızğın Zaqafqaziya temperamentinin və keçmiş sovet həyat tərzinin tükənməz eklektikasıdır. Bunu bir sözlə ifadə etmək mümkün deyil, amma keçmiş SSRİ respublikalarının hər birində bunu hiss edirsən”.
Xəbər verilir ki, yüngül atletika yarışlarının keçiriləcəyi Milli Stadionda həm də Oyunların açılışı və bağlanışı mərasimləri olacaq. "Milli Stadion 65 min nəfərədək tamaşaçı tutan əsl memarlıq əsəridir”.
Məqalədə "Eurovision-2012” müsabiqəsindən hamıya yaxşı tanış olan Kristal Holl (Avropa Oyunları çərçivəsində orada boks, karate, qılıncoynatma, taekvondo və voleybol üzrə yarışlar keçiriləcək), habelə Heydər Əliyev adına İdman Sarayı (burada cüdo, güləş, sambo ustaları yarışacaq) xatırladılır. Avropa Oyunları zamanı Tofiq Bəhramov adına stadionda ən qədim olimpiya idman növlərindən biri olan oxatma üzrə yarışlar keçiriləcək.