Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi və hazırda İsveçin Əfqanıstanda səfiri olan Peter Semnebi adının "arzuolunmaz şəxslər” siyahısından çıxarılması üçün Azərbaycan XİN-ə müraciət edib. Bu barədə APA-ya Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H. Hacıyev bildirib ki, məktubda Peter Semnebi Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini yazıb. Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən P. Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflənib və üzrxahlığını ifadə edib.