ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampı öz siyasi maraqları xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək onun impiçmentinə səs verib.
Demokratların çoxluqda olduğu Palata “səlahiyyətlərindən sui-istifadə etmək” və “Konqres araşdırmasını əngəlləmək” ittihamlarından ibarət iki impiçment maddəsini təsdiq edib.
Nümayəndələr Palatası Trampın impiçmentini səsvermədən öncə altı saat debat edib. Həmin saatlarda Demokrat qanunvericilər Trampın impiçmentə layiq olduğunu irəli sürüblər. Prezidentin Respublikaçı tərəfdarları isə Trampın Ukrayna hökumətini sabiq vitse-prezident və 2020-ci il seçkilərində mümkün rəqibi Co Bayden və onun oğlu Hanter Bayden üzərində təhqiqata çağırmaqla yanlışlığa yol vermədiyini iddia ediblər.
Səsvermədə bütün respublikaçılar qərarın əleyhinə səs verib. İlk səsvermədə 2, ikincidə isə 3 demokratın qərarın əleyhinə çıxması diqqətlərdən yayınmayıb.
Bununla Tramp 243 illik ABŞ tarixində Nümayəndələr Palatasında haqqında impicment maddələri səsverməyə çıxarılan üçüncü prezident oldu.
Məddələrin yer aldığı dosya Trampın mühakimə və vəzifədən kənarlaşdırılmasına dair son qərarın verilməsi üçün Senata göndərilib. Bununla bağlı ilk iclas gələn ayın əvvəllərində başlamalıdır və Senat işi 6 ay ərzində yekunlaşdırmalıdır.
Qeyd etdiyimiz ki, Nümayəndələr Palatasında əsas çoxluq Demokratlardan ibarətdir. Elə buna görə, də Trampın əleyhinə olan layihənin Nümayəndələr Palatasından keçəcəyi əvvəlcədən şübhə doğurmurdu. Indi isə Trampın impicmenti üçün senatorların 2/3-nin dəstəyi alınmalıdır, ancaq Nümayəndələr Palatasından fərqli olaraq Senatda çoxluq Respublikaçıların əlindədir. Bu isə işin Senatdan keçmə ehtimalını sıfıra endirir.
Ağ Ev Nümayəndələr Palatasının prezident Donald Tramp əleyhinə iki maddəni təsdiqləməsinə münasibət bildirib. Açıqlamada "Bu gün millətimiz tarixinə Nümayəndələr Palatasının ən utanc verici siyasi hissələrindən biri olaraq keçdi" ifadələrinə yer verilir.
Qeyd edək ki, iyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı. Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.