Pentaqon rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İncirlik” aviabazasının bağlanması mövzusunda nə dərəcədə ciddi olduğunu aydınlaşdırmaq məqsədilə türkiyəli həmkarı ilə görüşəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ Müdafiə naziri Mark Esper bazar ertəsi bildirib. Jurnalistlərə açıqlamasında o deyib ki, Türkiyə “İncirlik” və “Kürəcik” hərbi bazalarını bağlamaq mövzusunda ciddidirsə bu məsələ NATO-da müzakirə olunmalıdır. Esper onu da deyib ki, Türkiyə suveren dövlətdir və NATO bazasını və ya digər əcnəbi qoşunları öz ərazisində yerləşdirib-yerləşdirməmək onun alınmaz hüququdur.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərin ermənilərin “soyqırımı” kimi tanınması ilə bağlı qətnamə qəbul etməsinin ardından özünün hərbi bazalarını bu ölkənin üzünə bağlayacağını bəyan edib. “Reuters” yazır ki, “İncirlik” bazasında Amerikanın nüvə başlıqları, “Kürəcik”də isə radiolokasiya bazası yerləşir.