İŞİD rəhbəri Əbubəkr əl-Bağdadinin cəsədi əməliyyat bölgəsindən götürülərək DNA müayinəsi üçün ABŞ bazasına aparıldıqdan sonra məhv edilib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Bağdadinin cəsədinin qalıqlarının, 2011-ci ildə ABŞ əməliyyatında öldürülən Əl-Qaidə lideri Usama bin Laden kimi dənizə atılması gündəmdə idi. Adının açıqlanmasını istəməyən ABŞ müdafiə rəsmisi Türkiyə mediasına cəsədin dənizə basdırıldığını təsdiqləyib. O, cəsədin yeri və dəfn olunma qaydası barədə ətraflı məlumat verməyəcəyini söyləyib.
Baş Qərargah rəisi Mark Milley Bağdadinin cəsədinin qalıqlarının götürüldüyünü və cəsədin şəkillərini paylaşmağı hələlik düşünmədiklərini söyləyib. ABŞ Baş Qərargah rəisi cəsədin qalıqlarının beynəlxalq müharibə qanunlarına uyğun olaraq məhv edildiyini bildirib. Milley, əməliyyatın bəzi görüntülərinin lazımi proses başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını da deyib.
Bu arada, əməliyyatda iki terrorçunun da sağ ələ keçirildiyi açıqlanıb. Baş Qərargah rəisi Mark Milley, tutulan şəxslərin "təhlükəsiz bir şəraitdə" saxlandığını deyib.
Terror təşkilatının başçısı Bağdadi, ABŞ xüsusi təyinatlılarının İdlibin şimalında 8 helikopterlə keçirdiyi əməliyyatda ölü ələ keçirilib. ABŞ prezidenti Donald Tramp, Bağdadinin olduğu evin altındakı tunellərdən birinə girdikdən sonra üzərindəki intihar jiletini partladaraq yanındakı üç uşağı ilə birlikdə öldüyünü açıqlayıb.