ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkir əl-Bağdadinin öldüyünü rəsmən təsdiqləyib. Baki-xeber.com xəbər verir ki, Tramp Bağdadinin Suriyada dünən gecə keçirilən əməliyyatla ölü ələ keçirildiyini bildirib.
"Əbubəkir əl-Bağdadi öldü. Qorxaq kimi öldü, qaçaraq və ağlayaraq" - Tramp deyib.
Bağdadinin əməliyyat əsnasında bir tunelə girdiyini və Amerika K9-larının onu izlədiyini deyən Tramp, "Bağdadi özünü üzərindəki partladıcı jiletlə partlatdı. DNT nəticələri ölən şəxsin onun olduğunu təsdiqlədi" deyib.
Bağdadinin son bir neçə həftədir radarlarda olduğunu vurğulayan Tramp, əməliyyatda Türkiyə, Rusiya, Suriya və İraqla koordinasiyalı çalışdıqlarını ifadə edərək, bu ölkələrə təşəkkür edib.
Tramp, “Suriyalı kürdlər” adlandırdığı YPG/PKK-nın də onlara kömək etdiyini söyləyib.
"Türkiyə hara getdiyimizi bilirdi, heç bir problem olmadı, çox dəstək oldular” ABŞ Prezidenti deyib.
Tramp və komandasının əməliyyatı saniyə-saniyə izlədiyi anların görüntüləri də paylaşılıb.