Türkiyə Silahlı Qüvvələri İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi əməliyyatına qoşulub. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
B.Yıldırım qeyd edib ki, əməliyyatda ilk sıralarda Türkiyənin İraqdakı Başika hərbi düşərgəsində hazırladığı yerli döyüşçülər iştirak edirlər: "Hava əməliyyatında İŞİD-lə mübarizə koalisiyasının tərkibində bizim Hərbi Hava Qüvvələrimiz də iştirak edib".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad olunması əməliyyatları çərçivəsində ölkəsinin yerüstü fəaliyyətə hazırlaşdığını bəyan edib.
R.T.Ərdoğan qeyd edib: "Bizim tarixi öhdəliyimiz var və Türkiyə orada olmalıdır. Diplomatik danışıqlar və hazırlıq işləri aparılır".