Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD terror təşkilatı tərəfindən ölkənin bütün vilayətlərində terror aktlarının mümkün təşkili barədə xəbərdarlıq edib. Trend-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, terrorçuların hədəfi turistlər, siyasi liderlər, xarici diplomatların daha çox olduğu yerlər, eləcə də hotellər ola bilər.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Xalq Demokrat Partiyası liderlərinin də hədəfdə olduğu barədə xəbərdarlıq edib. Bu səbəbdən partiya fəalları, millət vəkilləri ətrafında mühafizə gücləndirilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İŞİD terror təşkilatının döyüşçülərinin İraqın Mosul şəhərindən Suriya ərazisinə keçəcəkləri riski mövcuddur. Onun sözlərinə görə, Moskva döyüşçülərin Mosuldan Suriyaya keçməsi riski ilə bağlı vəziyyəti qiymətləndirəcək.
Bu arada yayılan məlumatlara görə, İŞİD Mosulda kimyəvi silahdan istifadə edə bilər. Bu təhlükəni nəzərə alan Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri əleyhqaz almağa başlayıblar.
Bundan başqa İŞİD-in yerli əhalini canlı qalxan kimi istifadə edəcəyinə dair təhlükə də var.