İran parlamenti milli valyutadan dörd sıfırın çıxarılmasını və yeni pul vahidi kimi “Yeni Rial” və onun alt vahidi olan “Qiran”ın istifadəsini nəzərdə tutan qanun layihəsini 144 səslə təsdiqləyib. İranın rəsmi xəbər agentliyinin məlumatına görə, qanun layihəsi parlamentin bugünkü iclasında müzakirə olunub.
Yeni qanuna görə, milli valyuta “Rial” adlandırılacaq. Hazırkı 10.000 rial 1 yeni riala bərabər olacaq və valyutanın alt vahidi kimi "Qiran" (qəpik) istifadə olunacaq.
Bundan başqa, yeni qanuna əsasən, valyuta məzənnələri İran Mərkəzi Bankı tərəfindən Yeni Riala qarşı müəyyən ediləcək. Yeni Rial və mövcud Rialın birlikdə dövriyyədə olacağı keçid dövrü maksimum üç il olacaq. Bu müddət ərzində köhnə əskinas və sikkələr mərhələli şəkildə dövriyyədən çıxarılacaq. Keçid dövrü başa çatdıqdan sonra, mövcud Rialda ifadə olunan bütün müqavilələr və borclar müstəsna olaraq Yeni Rialda və ya onun alt bölməsi olan qiranla ödəniləcək.
Qeyd edək ki, 2020-ci ildə hazırlanan qanun layihəsində valyutadan dörd sıfırın çıxarılması və “Rial” əvəzinə “Tümən”in əsas valyuta kimi istifadə edilməsi nəzərdə tutulurdu. Lakin bu layihə qəbul edilməyib.
TAHİR