ABŞ Prezidenti Donald Tramp Virciniyadakı ABŞ Dəniz Piyadaları Korpusunun Quantico bazasına yola düşərkən jurnalistlərə verdiyi qısa açıqlamada Qəzzada 20 bəndlik sülh planına HƏMAS-dan cavab gözlədiklərini deyib.
Amerika lideri Qəzza ilə bağlı sülh təkliflərinə HƏMAS-ın cavabını nə qədər gözləyəcəyinə dair sualı cavablandırarkən qeyd edib ki, “biz onlara üç-dörd gün vaxt verə bilərik".
Tramp bildirib ki, ABŞ onlardan bütün girovların qaytarılmasını və yaxşı davranış istəyir: "HƏMAS-ı gözləyirik. Əgər HƏMAS bunu etməsə, çox acınacaqlı bir son olacaq".
ABŞ prezidenti həmçinin qeyd edib ki, HƏMAS rəhbərliyi üç dəfə hədəfə alındıqdan sonra “ağır bədəl ödəyib”. Tramp HƏMAS razılaşmanı rədd edərsə, İsrailə əməliyyat azadlığı verəcəyinə eyham də vurub və İsrailin üzərinə düşəni edəcəyini deyib.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza zolağında münaqişəyə son qoymaq üçün 20 bənddən ibarət “hərtərəfli” planını dərc edib. Plana əsasən, dərhal atəşkəs və 72 saat ərzində girovların azad edilməsi tələb olunur. HƏMAS və "digər qruplar" Qəzzanın idarə olunmasında birbaşa və ya dolayı yolla iştirak etməmək barədə razılığa gəlməlidir. Dinc yanaşı yaşamağa razı olan və silahlarını təhvil verən hərəkat üzvləri üçün amnistiya nəzərdə tutulur.
TAHİR