Son günlər Rusiyada baş verən bir sıra şübhəli ölümlər ölkə gündəmini sarsıdıb. Son olaraq Putinyönlü siyasətçi və keçmiş nəqliyyat məmuru müxtəlif şəhərlərdə müəmmalı şəraitdə ölü tapılıblar.
43 yaşlı Vitali Kapustin biznesmen və regional deputat olub. Putinin "Vahid Rusiya" Partiyasının üzvü olan Kapustin əlləri arxasına bağlı şəkildə yolun kənarında hündür ağacdan asılmış vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı intihar versiyası araşdırılır. Ancaq hadisə şahidləri intihar ehtimalına şübhə ilə yanaşırlar. "O, ağac o qədər hübdürdür ki, onun təkbaşına oraya çıxması mümkün görünmür" - deyə şahidlər bildirir.
Bir gün əvvəl Rusiya Sankt-Peterburq Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin keçmiş sədri Aleksandr Fedotov Moskvanın Şeremetyevo hava limanı yaxınlığındakı lüks oteldə ölü tapılıb.
Keçən il vəzifəsindən qəfil istefa verən Fedotovun, FSB kəşfiyyat agentliyinin apardığı araşdırmalara görə işdən çıxarıldığı iddia edilir. Fedotovun ötən ilin iyulunda vəzifəsindən uzaqlaşdırılan keçmiş nəqliyyat naziri Roman Starovoit ilə əlaqələri olduğu iddia edilir.
Ötən həftə isə müdafiə sənayesi ilə əlaqəli bir müəssisənin rəhbər şəxslərindən olan Aleksandr Tyunin güllələnərək öldürülüb.
Ekspertlər vurğulayırlar ki, son vaxtlar yüksək vəzifəli iş adamlarının və bürokratların şübhəli ölüm hallarının artması həm Rusiyada, həm də beynəlxalq aləmdə ciddi suallar doğurur.
TAHİR