Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsinin Gürcüstanla əlaqəli tərəfdarlarına qarşı yeni sanksiyalar elan edib. Müvafiq sənəd sentyabrın 19-da Britaniya hökumətinin saytında dərc edilib.
Gürcüstanlı siyasətçi və media maqnatı Levan Vasadze media platformalarından Rusiyayönlü dezinformasiya yaymaq üçün istifadə etdiyinə görə məhdudiyyətlərə məruz qalıb. Bundan əlavə, Gürcüstanın keçmiş baş prokuroru, Rusiya və “Gürcü Arzusu” partiyasının yüksək eşelonları ilə geniş əlaqələri olan biznesmen Otar Partsxaladzeyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
İki neft tankerinə də Rusiyanın “kölgə donanması”nın tərkibində rus neftini Gürcüstanın Batumi limanına daşıdığına görə sanksiya tətbiq edilib. Bu gəmilərin Britaniya limanlarına daxil olması qadağan edilib.
"Rusiyanın hərbi gücü zəiflədikcə, Kreml Gürcüstan da daxil olmaqla, hərbi və təbliğat əməliyyatlarını dəstəkləmək üçün getdikcə üçüncü ölkələrin media orqanlarına müraciət edir", - Britaniya Xarici İşlər Nazirliyi bildirib.
Bir neçə gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Kiyevə səfər edib. London qismən Ukraynanın enerji infrastrukturunu dəstəkləmək üçün 142 milyon funt sterlinq (162 milyon avro) ayırıb.
TAHİR