ABŞ prezidenti Tramp İngiltərəyə rəsmi səfərinin son günündə İngiltərənin baş naziri Kir Starmerlə birgə mətbuat konfransı keçirərək Əfqanıstanla bağlı maraqlı açıqlama verib.
Biden administrasiyasının Əfqanıstanı "çox bacarıqsız" şəkildə tərk etdiyini və bir çox şeyi orada qoyduğunu iddia edən Tramp, bu vəziyyəti dəyişdirməyə çalışdıqlarını deyib.
Əfqanıstandakı Baqram hərbi hava bazasının əhəmiyyətindən danışan Tramp, buranı geri almaq niyyətində olduqlarını açıqlayıb: "Yeri gəlmişkən, biz onu geri almağa çalışırıq, ona ehtiyacımız var. Biz o bazanı geri istəyirik”.
Baqram hava bazasının uçuş-enmə zolağının gücü və uzunluğu baxımından dünyanın ən güclü aviabazalarından biri olduğunu qeyd edən Tramp, belə bir yerin qarşılıqsız tərk edilməsini qəbul edə bilməyəcəyini deyib.
Çinin bazadan təxminən bir saatlıq məsafədə nüvə silahı istehsal etdiyini deyən Tramp, bazanın kritik bir nöqtədə yerləşdiyinə də diqqət çəkib: “Bazanı geri istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olmasıdır”.
Tramp əvvəlki açıqlamalarında da Baqram hava bazasını Çinin nəzarətinə verib buranı tərk etdiklərini və bunun Bayden administrasiyasının günahı olduğunu demişdi.
ABŞ-dakı Bayden administrasiyası 31 avqust 2021-ci ildə yüzlərlə ABŞ vətəndaşını, milyonlarla dollar dəyərində texnika, silah və ABŞ ilə əməkdaşlıq etmiş minlərlə əfqanı geridə qoyaraq, Əfqanıstandan çəkilməyə başlamışdı.
Vəzifəyə gəldikdən sonra ilk kabinet iclasında danışan Tramp, milyardlarla, hətta on milyardlarla dollar dəyərində avadanlıq, yeni yük maşınlarını orada qoyub çıxdıqlarını deymişdi və bildirmişdi ki, bu avadanlıqlar geri alınmalıdır. Tramp həmçinin Əfqanıstanın ABŞ istehsalı olan avadanlıqları satdığını da iddia etmişdi.
TAHİR