“İllərdir ABŞ-ı soydular” sözləri ilə Yeni Dehlini hədəfə alan ABŞ prezidenti Donald Tramp Modi administrasiyasının tariflərin ləğvi təklifinin "çox gec olduğunu" bildirib.
ABŞ prezidenti Hindistanın ABŞ-la ticarət əlaqələrindəki balanssızlığa diqqət çəkərək deyib: "Az adam başa düşür ki, biz Hindistanla çox az iş görürük, lakin onlar bizimlə çox böyük iş görürlər. Başqa sözlə, bizə böyük miqdarda mal satırlar - onların ən böyük "müştəriləri", biz isə onlara çox az satırıq".
Tramp Hindistanın uzun illərdir ABŞ məhsullarına yüksək rüsumlar tətbiq etdiyini qeyd edərək, bunun Amerika şirkətlərinin Hindistan bazarına girməsinə mane olduğunu vurğulayıb.
"Münasibət tamamilə birtərəfli fəlakət idi. Hindistan bizə dünyada ən yüksək tarifləri tətbiq etdi. Şirkətlərimiz Hindistana satış edə bilməyəcək vəziyyətə gəldi" deyən Tramp, bu vəziyyətin onilliklərdir davam etdiyini və buna son qoyulması gərəkdiyini bildirib.
Hindistanın son vaxtlar ticarət kəsirini tarazlaşdırmaq üçün bəzi addımlar atmağa çalışdığını deyən Tramp, "indi tarifləri sıfıra endirməyi təklif edirlər, amma artıq gecdir. Bunu illər əvvəl etməli idilər" deyərək Yeni Dehli rəhbərliyinin təklifini rədd edib.
Tramp Hindistanın hərbi və enerji idxalında da ABŞ-ı arxa plana keçirdiyini bildirib: "Hindistan neft və hərbi məhsullarının çoxunu Rusiyadan, çox azını isə ABŞ-dan alır".
Trampın sözlərinə görə, bu mövqe həm də Vaşinqtonu ticarət baxımından əlverişsiz vəziyyətə salır.
TAHİR