Sentyabrın 1-dən Rusiyada əlavə dövlət rüsumları, o cümlədən qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib. Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib. Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün – 4 200 rubl tətbiq edilir. Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsumun məbləği 2 100 rubl təşkil edir. Bundan əlavə, xarici işçilərin cəlb edilməsi və istifadəsi üçün icazələrin dublikatlarının verilməsi, habelə onlara dəyişiklik edilməsi üçün 2 100 rubl, xarici vətəndaşın Rusiyada müvəqqəti qalma müddətinin uzadılması üçün – 1 000 rubl və yaşayış yerində qeydiyyata alınması üçün - 500 rubl dövlət rüsumu tətbiq edilib.
Mətləb Salahov