ABŞ və Venesuela arasında gərginlik artır. Tramp administrasiyasının narkotik kartelləri ilə mübarizə üçün hərbi gəmilər göndərməsindən sonra Venesuelaya potensial müdaxilə müzakirə edilir.
ABŞ hərbi gəmiləri sahilə yaxınlaşdıqca gərginlik daha da yüksəlir. Artıq Venesuelada müharibə hazırlıqları başlayıb. Ölkədə, xüsusilə də Bolivar əyalətinin cənubdakı qızıl mədən dəhlizində olan gənclər orduya cəlb edilir. Sakinlər və insan haqları qrupları bildirirlər ki, əsgərlər gəncləri öz sıralarına və Maduro tərəfdarı milislərə cəlb edirlər. Bolivar əyalətində, xüsusən Tumeremo və El Dorado mədən ərazilərində əsgərlər gecələr gənc oğlanları toplayaraq və onları milislərə cəlb edirlər. Hətta bəzi ərazilərdə nəzarət-buraxılış məntəqələri qurulub, mədənçiləri saxlanaraq ailələrindən xəbərsiz maşınlara mindirilib aparılırlar. Bütün bunlar ABŞ-la gərginliyin artdığı bir vaxtda baş verir.
Xatırladaq ki, avqustun 21-də prezident Maduro gəncləri Bolivar milislərinə qoşulmağa çağırıb. Bolivar ölkənin qızılla zəngin bölgələrindən biridir. Sözügedən ərazidəki Orinoko Mədən Dəhlizində qanunsuz silahlı qruplar və hərbi qüvvələr mədən sahələrinə nəzarəti ələ keçirməyə çalışırlar. Məlumata görə, məcburi hərbi xidmət həm iqtisadi, həm də siyasi nəzarət üçün həyata keçirilir.
“The Guardian”ın əldə etdiyi məlumata görə, bu həftə ABŞ döyüş gəmiləri qanadlı raketlər və dəniz piyadaları ilə Venesuela sahillərinə yaxınlaşıb. Prezident Maduronun tərəfdarları Venesuela ilə bağlı İraqa bənzər bir işğal planının hazırlandığını iddia edirlər.
“Heç kim bu torpağa əl qoya bilməz!” deyən Maduro isə iddia edilən rejim dəyişikliyi əməliyyatını dəf etmək üçün gəncləri “Bolivar milislərinə” qoşulmağa çağırıb.
Trampın müttəfiqləri isə sosial mediada sərt mesajlar paylaşaraq, Maduroya “günlərinin sayılı olduğunu” xatırladıblar. Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn Maduroya “Moskvaya birtərəfli bilet almağı” təklif edib. Konqresmen Karlos Gimenez isə Maduroya "vaxtının bitdiyini" bildirib.
TAHİR