NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

ABŞ Almaniya ilə əməkdaşlıq çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsinə başlayıb. “The Guardian” qəzeti bu barədə NATO-nun Avropadakı müttəfiq qüvvələrinin Baş komandanı general Aleks Qrinkeviçə istinadla məlumat yayıb.
Generalın sözlərinə görə, ABŞ bu əməliyyatı Almaniya ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir: “Biz “Patriot” sistemlərinin çatdırılması ilə bağlı Almaniya ilə sıx əməkdaşlıq edirik. Mənə bu sistemləri mümkün qədər tez bir zamanda Ukraynaya çatdırmaq tapşırılıb”.
Aleks Qrinkeviç göndəriləcək silahların dəqiq sayı və çatdırılma tarixi barədə məlumat verməyib. O, Avropada artıq mövcud olan “Patriot” sistemlərinin operativ şəkildə Ukraynaya göndəriləcəyini və onların ABŞ-da istehsal edilən yeni sistemlərlə əvəz olunacağını bildirib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin Birləşmiş Ştatlardan silah alacaqlarını və bu silahların bir hissəsinin gələcəkdə Ukraynaya göndəriləcəyini bəyan edib. Hazırda Berlin və Kopenhagen ABŞ-dan silah tədarükünə rəsmi razılıq verən ilk ölkələrdir.
ZÜMRÜD