İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqlədi

İran parlamentinin üzvləri İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi bunu ISNA agentliyinə müsahibəsində deyib.
“İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin ümumi konturları və təfərrüatları parlament tərəfindən təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyi təmin olunmadığı təqdirdə IAEA əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə buraxılmasına icazə verilməyəcək”, - deyə deputat bildirib.
Qanun layihəsi indi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri və nüvə fizikləri də hədəf alınıb. İyunun 22-nə keçən gecə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə hücum edib.
ZÜMRÜD