Zelenski NATO-dan əlini üzdü - üzvlük məsələsi müzakirədən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib. Bövlət başçısı bunu “Sky News” telekanalına müsahibəsində deyib.
Zelenski, eyni zamanda, Ukrayna kimi müttəfiqin alyansın özü üçün faydalı olduğunu söyləyib.
Qeyd edək ki, Şimali Atlantika Alyansının iyunun 24-25-də keçiriləcək sammitində 45-ə yaxın dövlət və hökumət başçısının, 45 xarici işlər və müdafiə nazirinin, həmçinin 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir.
“Politico” nəşrinin üç avropalı diplomata istinadla yaydığı məlumata əsasən, Haaqa sammitində Ukraynanın NATO-ya üzvlük məsələsi geniş yer tutmayacaq. Onların sözlərinə görə, üzv ölkələr arasında bu məsələdə ilə bağlı konsensus mövcud deyil. Həmçinin sammitdən sonra Ukraynanın Qərbdən hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, heç bir yeni yardım və ya silah almayacağı bildirilir.
Jurnal, Ukrayna prezidenti Zelenskinin NATO-nun Haaqadakı iki günlük sammitində iştirakının məntiqli olub-olmadığına şübhə etməsinə baxmayaraq, səfərin baş tutacağını bildirib. Məlumata görə, Zelenski ABŞ prezidenti Donald Trampla görüşməyə ümid edir.
“Politico” yazır ki, Yaxın Şərqdə ABŞ-ın da iştirak etdiyi gərginlik NATO-nun diqqətini Ukraynadakı hərbi münaqişədən yayındırıb və onu üzv ölkələrin müdafiə büdcələrinin artırılmasına yönəldib. Jurnala danışan rəsmilər bildiriblər ki, alyans hazırda ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa yönəlib.
Xatırladaq ki, Ukraynanın NATO-ya üzvlüyündə uzun müddətdir israr edən Kiyev dəfələrlə bu məsələyə ehtiyatlı yanaşmağa çağıran Avropa liderlərinə qarşı sərt bəyanatlar səsləndirib.