Avropanın xarici işlər nazirləri cümə günü Cenevrədə iranlı həmkarları ilə görüşdən sonra İran və İsrail arasında mövcud gərginliyi danışıqlar yolu ilə həll etmək istəklərini vurğulayıblar. Belə ki, Britaniyanın xarici işlər naziri Devid Lammi Cenevrədəki danışıqlardan sonra jurnalistlərlə söhbətində vurğulayıb ki, İran nüvə silahına malik ola bilməz:- "Biz İranla hazırkı müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və İranı ABŞ-la danışıqları davam etdirməyə çağırırıq. Bu təhlükəli məqamdır və bu münaqişənin regionda genişlənməsinə imkan verməməyimiz son dərəcə vacibdir", - deyə Lammi əlavə edib. Onun fransalı həmkarı Jan-Noel Barrot İsrail-İran münaqişəsinin “hərbi yolla həlli”nin mümkün olmadığı üçün hazırkı böhranın danışıqlar yolu ilə həllini arzuladığını bildirib: "İran bu böhranın danışıqlar yolu ilə həllini tapmaq üçün dialoqa, xüsusən də ABŞ-la dialoqa getməlidir". Barrot həmçinin xatırladıb ki, “İranın terrorçu qruplara dəstəyi, Rusiyaya pilotsuz təyyarələr verməsi avropalılar üçün problemdir”. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın İsrailin İrana hücumlarına qoşulub-qoşmayacağına qərar vermək üçün “iki həftə” vaxt istəmişdi. Avropa liderləri ümid edirlər ki, o vaxta qədər problemin diplomatik həll yolu tapılarsa, gərginliyin qarşısını almaq olar. Fransa prezidenti Emmanuel Makron isə Cenevrədə İrana qarşı irəli sürüləcək 4 bəndlik təklifin detallarını açıqlayıb.
Surxay Əliyev